HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-13

:

Cənab Əsləm ibn Əmir
Əsləm, İmam Hüseynin (ə) xidmətçisi idi və Mədinədən Kərbəlaya gedənə qədər Həzrətin (ə) yanında olub. Bəzi mənbələrdə onun türk əsilli  və İmam Hüseynin (ə) kitabət məsələlərini öz üzərinə götürən xidmətçisi olduğu qeyd olunur. Ancaq, bəzi mənbələrə əsasən, Əsləm ibn Əmiri Quran-Kərim qarisi və ərəb ədəbiyyatından anlayışı olan bir şəxs idi. Aşura günü Əsləm mövlasının yanına gələrək meydana çıxmaq üçün icazə alır və döyüş üçün düşmənin üzərinə gedərək onlara belə meydan oxuyur: "Hüseyn (ə) mənim öndərim və rəhbərimdir, o, bəşarət verən Peyğəmbərin (s) qəlbinə sevinc bəxş edən, misli olmayan gözəl bir rəhbərdir." Ağır xəsarətlər aldığından dolayı yerə yıxılana qədər düşmənin üzərinə hücum edir. İmam Hüseyn (ə) başı üzərinə gələrək mübarək üzünü onun üzünə qoyur. Gözlərini açaraq İmam Hüseyni (ə) başı üzərində gördükdə, gülümsəyərək deyir: "Mənim kimi birisi varmı, İmamı üzünü onun üzünə qoysun?" beləliklə Əsləm mövlasının dizi üzərində canını yaradanına təslim edir.

Cənab Üməyyə ibn Səid ibn Zeyd Tayi
Üməyyə, Əmirəl- möminin Əlinin (ə) səhabəsi və o Həzrətə tabe olanlardan biri olmuşdur. Kufədə məskunlaşmış, şəhərdə cəsarətli və şücaətli bir şəxsi kimi tanınırdı. O, İmam Hüseynin (ə) Kərbəlaya gəlişindan xəbərdar olduqdan sonra, "Məhadə" (atəşkəs) günü və ya başqa bir nəqlə görə Məhərrəm ayının səkkizinci günündə, İmam Hüseynin (ə) xidmətinə yetişir və o Həzrətin ordusuna qoşulur. Nəhayət, Aşura günü günortadan qabaq, ilk hücum hadisəsi zamanı şəhadətə çatır.
Ənəs ibn Haris (Harəs) Kahəli
Ənəs, Bəni Əsəd qəbiləsinin bir qolu olan Kahəl adlı nəsildən, həzrət Məhəmməd Peyğəmbərin (s) səhabəsi olmuş, eləcə də, öz qəbiləsi arasında hörmət və izzətə sahib olan bir qoca idi. Ənəs Allahın Peyğəmbərindən (s) hədis rəvayət edələrdən biri hesab olunur. Onun Peyğəmbərdən (s) nəql etdiyi bir çox rəvayətləri şiə və sünni alimləri öz kitablarında qeyd etmişdir. Ənəs tərəfindən rəvayət olunan hədislər arasında Allah Rəsulunun (s) bu məhşur hədisi də vardır: "Övladım Hüseyn (ə) Kərbəla adlanan bir məkanda şəhadətə yetişəcəkdir. Agah olun ki, hər kəs onun yaşadığı bir zamanda olarsa, ona kömək etməlidir". Bu səbəbdən dolayı, İmam Hüseyn (ə) İraqa yola düşdüyü zaman, Ənəs ibn Haris İmam Hüseynin (ə) xidmətinə çataraq o Həzrətə (ə) kömək edir və nəhayət Həzrətlə birlikdə şəhadətə yetişir.
Rəvayət olunur ki, İmam Hüseyn (ə) Kərbəlaya çatdığı zaman, Ənəs gecə yarısı imama (ə) qoşulur. Aşura günü, günortadan sonra Ənəs ibn Kahil, İmam Hüseynin (ə) xidmətinə yetişir və İmamdan (ə) döyüş meydanına çıxmaq üçün icazə alır. Əmmaməsi ilə belini sıx bağlayır və döyüş zamanı görməsinə maniə olmaması üçün uzun qaşlarını alnına bağlamışdı. İmam (ə) bu səhnəni müşahidə etdikdə, mübarək gözlərindən yaş süzülərək buyurur: “Ey şeyx! Allah səndən razı olub, köməyində qalsın”. O, döyüşə çıxaraq düşmənə belə meydan oxuyur:
"(Qəbilə adamları) Kahil, Dudan, Xəndəf və Bənu Qeys yaxşı bilirlər ki, qövmüm müharibə zamanı düşmənlərinə və onların başçılarına ən yaxın olan və döyüşən insanlardır." Düşməni bir zərbə ilə vurub yerə sərir və vurduğu zərbələr zamanı heç birinə həqarət və alçaldıcı sözlər demir. "İmam Əlinin (ə) ailəsi, Allah-Təalanın dininin ardıcılları, ancaq Ziyadın ailəsi isə şeytanın davamçılarıdır”. O, bunu dedikdən sonra, düşmən üzərinə hücuma keçir. Ənəs, yaşlı və fiziki gücü tükənmiş olmasına baxmayaraq, İbn Ziyadın qoşunundan 18 nəfəri yerə sərməyə müvəffəq olur. Cəsarət və şücaətlə döyüşdükdən sonra Yəqtat ibn Naşir Cəhninin əliylə şəhadətə yetişir. O, Həzrət İmam Cavad (ə) tərəfindən müqəddəs ''Şəhidlər ziyarəti'' ndə belə salamlanmışdır: "Salam olsun Ənəs ibn Haris Kahiliyə" və eləcə də, onun qatili "Yəqtat ibn Naşir Cəhni" lənətə layiq görülmüşdür

Hazırladı: Elçin Səfaquliyev

Tags: İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!