İMAM HƏSƏN(ə)İN FİKRİ-SİYASİ TARİXİ - 4

:

İMAM HƏSƏN (Ə), MÜAVİYƏ VƏ XƏVARİCLƏ DÖYÜŞ
İmam Həsən (ə) Mədinəyə qayıtdığı vaxtlarda artıq İraqın bəzi ərazilərində yenidən xəvariclər üsyana başlamışdı. Əvvəllər də Əmirəl-Möminin Əlin (ə) xəvariclər barədə buyurmuşdu: “Məndən sonra xəvariclərlə döyüşməyin.” Səbəb olaraq Həzrət belə qeyd edir: “Haqqı axtarıb səhvə yol verən xəvaric batil arxasında olub onu əldə edən Müaviyə kimi ola bilməz.”

Hədəfə çatmaq üçün şiələrdən istifadə etmək məqsədi daşıyan Müaviyə “Qadisiyyə”yə gəlib çatan imam Həsənə (ə) bir məktub göndərərək xəvariclə döyüşməkdə ona kömək etməsini İmamdan xahiş etdi. İmam da ona bu məzmunda bir məktub göndərdi: “Səninlə döyüşmək mənə caiz ikən, onu ümmətin məsləhəti və aralarındakı bağlılığı qorumaq üçün tərk etdiyim halda, sənin kənarında döyüşməyimi istəyirsən?” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 46)
Başqa rəvayətlərdə də İmamın belə buyurduğu nəql edilir: “Əgər qiblə əhlindən biri ilə döyüşmək istəsəydim, əvvəl səninlə döyüşə başlardım.” (“Əl-kamilu fit-tarix”, İbn Əsir, c. 3, s. 42; “Əl-kamil”, Mubərrəd, c. 3, s. 133; “Şərhu Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, c. 5, s. 98)
Bunlar İmamın “Qasitin”lə döyüşməklə bağlı qəti fikirdə olduğunu göstərən dəlillərdir.
Müaviyə hər hansı bir yolla Bəni-Haşimi aradan qaldırmağa çalışırdı. O, “bağışlamağı bacarmayan bir Haşimi, həlim olmayan bur Əməvi və şücaətli olmayan bir avamı gördüyünüz zaman, bilin ki, öz atalarına bənzəməyiblər” – demişdi. İmam Həsən Müctəba (ə) bu sözləri eşitdikdə, buyurdu: “And olsun Allaha, onun məqsədi nəsihət vermək deyil. O, Bəni-Haşimin bütün malları bağışlayaraq Müaviyəyə möhtac olmasını, Bəni-Üməyyənin həlim olması ilə camaatın onları sevməsini və zübeyrilərin də şücaət göstərərək özlərini ölümə verməsini istəyir.” (“Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 422)

İMAM HƏSƏNİN (Ə) XÜSUSİYYƏTLƏRİ
İmam Həsən Müctəba (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bir bələdçi ola biləcək bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, onlardan bəzisi ilə kifayətlənirik:
O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə göz oxşayan bir gözəllik vermişdir. Bir rəvayətə görə, imam Həsən (ə) buyurmişdur: “Allahın evinə piyada getmədiyim halda, Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, o həzrət iyirmi dəfə Mədinədən Məkkəyə piyada getmişdi. (“Əxbari-İsfahan”, Əbu Nəim İsfahani, c. 5, s. 44)
Yenə nəql olunmuşdur: “İmam Həsən (ə) iyirmi beş dəfə piyada olaraq həcc səfərinə getdi.” (“Tarixi-xuləfa”, Süyuti, s. 73) O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı, comərdliyi və ilahi nemətlərdən kamil şəkildə faydalanması idi. (Bax: “Rəbiul-əbrar”, Zəməxşəri, c 1, s. 617) Bu barədəki bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirdi. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurdu. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı saldı. (“Əl-məhasin”, Beyhəqi, s. 55)
Başqa bir rəvayətdə də: “İmam Həsən (ə) həyatda olduğu müddətdə bütün var-dövlətini, hətta corab və ayaqqabılarını da başqalarına infaq etmiş və bağışlamışdır.” – deyə nəql edilir. (“Tarixi-xuləfa”, Süyuti, s. 73)
O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özünü göstərməkdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kfayətlənirik:
“Bir nəfər şamlı deyir: “Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, “Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib “Sən Əbu Talibin oğlusanmu?” – deyə soruşduqda, “Mən Əbu Talibin oğlunun oğluyam!” – deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Bu sözlərimi bitirdikdən sonra, o, “bu şəhərdə qəribəsənmi?” – deyə məndən soruşdu. Dedim: “Bəli, qəribəyəm.” Buyurdu: “Mənimlə gəl, əgə evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və bütün ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım.” (“Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c. 3, s. 1187)
İmam Həsənin (ə) camaatla Allah arasında vasitə olması, Peyğəmbər (s) hədislərini toplamağa vəzifəli olduğunu qeyd etməklə yanaşı, deməliyik ki, əhli-sünnə də fiqhlə bağlı bir sıra hədisləri ondan nəql etmiş (“Əl-kamil”, Mubərrəd, c. 1, s. 235) və eyni zamanda, camaat hədis yazmağa o həzrətin təşviqi ilə başlamışdır. Bu məsələ o qədər əhəmiyyət kəsb edirdi ki, xəlifələrin bunu qadağan etməsinə baxmayaraq, bu yolla bir tərəfdən hədislərin şiələr arasında qalmasına və digər tərəfdən də əhli-sünnənin başlanğıcdan bəri hədisləri yazmaması nəticəsində hədislərin yox olması ilə qarşılaşmasına səbəb oldu.
Rəvayətlərin birində o həzrət övladları və qardaşına buyurmuşdur: “Siz bu gün bir qövmün kiçiklərisiniz, lakin bir müddət sonra böyüyəcəksiniz. Elm öyrənin və əgər hədisləri əzbərləyə və rəvayət edə bilmirsinizsə, onu yazıb evlərinizdə saxlayın.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 8, c. 407)
Bəzən də Müaviyədən soruşulan bir sıra çətin məsələləri həll edən elə İmamın özü idi. (“Rəbiul-əbrar”, Zəməxşəri, c. 1. s. 722)

İMAM HƏSƏNİN (Ə) ŞƏHADƏTİ
Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullanın (s) məhəbbət bəslədiyi imam Həsən Müctəbanı (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır. Bu cinayət belə həyata keçirildi: Müaviyə hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızı (o həzrətin arvadı) kimi xain bir kəsdən istifadə etməklə İmamı zəhərləyərək şəhadətə çatdırdı. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önünə sərgiləndi.
Tarix həmin məsələni dəfələrlə isbat etmişdir. (“Murucuz-Zəhəb”, Məsudi, c. 2, s. 50; “Əl-istyiab”, İbn Əbdu Birr, c. 1, s. 389; “Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 48-49; “Əl-mustədrək”, Hakim Nişapuri, c. 3, s. 173 və 176; “Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 55-68; “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 16, s. 11; “Təzkirətul-xəvass”, İbn Cövzi, s. 11) Təbəri imam Həsən Müctəbaya (ə) dəfələrlə zəhər verilməsinə baxmayaraq hər dəfə xilas olduğunu, lakin sonuncu dəfə ciyəri parçalanaraq ağzından gəldiyi və bu yolla şəhid olduğunu Ümmü Bəkr binti Müsəvvərdən nəql etmişdir. (“Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 514, Misir, “Darul-məarif” çapı) Bunnla belə, hansı dəlilə əsasən, Bəni-Üməyyəni müdafiə etmək məqsədində olan İbn Xəldun kimi təəssübkeş şəxslər bu hadisənin əsassız olduğunu xarakterizə edərək yazırlar: “Həsən ibn Əli (ə) Müaviyənin əlilə zəhərlənildiyi barədə nəql edilən rəvayəti şiələr uydurmuşlar və Müaviyədən belə bir şey gözlənilə bilməz.” (“Əl-ibər”, İbn Xəldun, c. 2, s. 187) Bu söz İbn Xəldunun Müaviyə kimi iyrənc və çirkin bir şəxsi müdafiə etməklə İslam tarixinin gedişatını dəyişdirən bir sıra xüsusi dini meyillərindən qaynaqlanmışdır.
O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. Əhli-beyt imam Həsəni (ə) öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, Bəni-Üməyyədən bir qrupu Peyğəmbərin zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 49; “Əl-mənaqib”, İbn Şəhr Aşub, c. 2, s. 175) Bu zaman Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi”nin ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?”
Fitnəni yaradan şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Halbuki onun özü də “biz peyğəmbərlər miras qoymarıq” – hədisini nəql edənlərdən biri idi. Bu kədərli hadisədən sonra məzlum İmamı “Bəqi” qəbiristanlığında dəfn etdilər. Çox ehtimal ki, İmamın şəhadəti 49-51-ci h.q. illəri arasında baş vermişdir. İmam Həsənin (ə) matəmi ilə bağlı bizə gəlib çatan rəvayətlərə istinadən, “ənsar” övladlarından olan Mədinə əhalisi yas tutub Mədinə bazarlarını bağladılar. (“Əl-mustədrək”, Hakim Nişapuri, c. 3, s. 173) Təbərinin nəql etdiyinə görə, Bəni-Haşim qadınları bir ay yas tutdular və bir ilə qədər bəzənməkdən çəkindilər. Həmçinin onun imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə, camaatın o həzrətə yeddi gün ağlayıb bazarları açmadıqları göstərilir. (“Əl-muntəxəbu min zeylil-muzil”, Təbəri, s. 514)
Ömər ibn Bəşir Həmdani deyir: “İshaqdan: “Camaat haçan zəlil oldu?” – deyə soruşduqda, belə cavab verdi: “İmam Həsən (ə) şəhadətə çatdıqdan, Ziyadın Müaviyə ilə qardaş olması iddia edildikdən və Hücr ibn Ədi qətlə yetirildikdən sonra!” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 50)

Kitabın adı: İmamların fikri-siyasi tarixi
Tərcümə edən: R. Zevinli və Q. Məmmədov

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!