SİBT-ün-NƏBİYY (2)

:

MÜHARİBƏNİN BAŞLANMASI
Çox keçmədi ki, Müaviyə İslam birliyini təmin etmək bəhanəsi ilə İslamla müharibə etmək üçün İraqa böyük bir ordu göndərdi.

İmam Həsən (ə) Müaviyə ordusunun hərəkət etməsindən xəbər tutduqda, camaatı məscidə çağırıb minbərə çıxdı. Allaha həmd və Peyğəmbərə salavat və salam göndərdikdən sonra xalqa xitab edib buyurdu:
“Müaviyə ordusu ilə birlikdə İraqa tərəf gəlir. Müharibə üçün hazır olmağınız, dininizi və şərəfinizi qorumağınız zəruridir.”
Amma o zamanın alçaq və rahatlıq sevən xalqı İmama cavab vermədi. Ədiy ibn Hatəm xalqın arasından ayağa qalxıb onlara belə dedi: “Siz necə millətsiniz? Bu ölümü xatırladan səssizlik nə deməkdir? Nəyə görə İmama, Peyğəmbərimizin oğluna cavab vermirsiniz? Allahın əzabından qorxun və İmamınızın əmrinə tabe olun. Qalxın kişi kimi silah götürüb şərəf, namus və dininizi müdafiə edin! Beləliklə Allah və İmamınızı özünüzdən razı salın.”
Bu sözlər bəzilərində böyük təsir qoydu. Nəhayət, xalq müharibə üçün hazır olduğunu elan etdi.
Ədiy ibn Hatəm İmama xitab edərək belə dedi: “Biz hazırıq və sənin bu barədəki əmrlərini gözləyirik.”
İmam Həsən (ə) buyurdu: “Nüxəylə tərəfinə gedirəm. Bilmirəm ki, sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Amma buna baxmayaraq kim istəyirsə, mənimlə gəlsin.”

İMAM HƏSƏN(ə)IN ƏMRİNDƏN ÇIXMAQ
İmam Həsən (ə) Nüxəyləyə çatdığı vaxt “Müharibə, Müharibə!” şüarını verənlərin əksəriyyətinin orada olmamasını və onun əmrinə itaət etmədiklərini gördü. Çünki orada olanlar aşağıdakılardan ibarət idi:
1. İmamın əmrinə itaət üçün yox, Müaviyə ilə döyüşmək üçün gələn xaricilər.
2. Müharibədə qənimət əldə etmək üçün gələnlər.
3. Qəbilələrinin başçısının əmrini yetirmək üçün gələnlər.
Buna görə İmam (ə) belə buyurdu: “Məni də məndən əvvəl imam olan atam kimi aldatdınız. İmamla, yoxsa Allah və Peyğəmbərinə inanmayanlarla müharibə aparacaqsınız?” Sonra Həkəm adlı bir kişini sərkərdə seçərək dörd min nəfər əsgəri onun sərəncamına verib Anbar şəhərinə göndərdi ki, orada Müaviyənin qoşununun qabağını alsın və növbəti əmrlərini gözləsin. Amma Müaviyə pul və yalan vədlərlə Həkəmi aldatdı və o, 200 nəfərlə birgə Müaviyə ordusuna qoşuldu.
İmam (ə) Bəni-Murad qəbiləsindən bir nəfəri onun yerinə seçib buyurdu: “Hərçənd sizə də etibar etmək olmaz. Amma bu bir imtahandır, siz də gedin.” Müaviyə onun gəldiyini eşidən kimi bir neçə nəfər nümayəndə və beş min dirhəm pul göndərib ona hökumətlik vədini verdi. O da adlanıb Müaviyə ordusuna qoşuldu.

İMAM HƏSƏN(ə)IN RUHDAN DÜŞMƏSİ
İmam Həsən (ə) sərkərdələrinin Müaviyə ordusuna qoşulduğu xəbərini eşidəndə çox narahat olub buyurdu: “Mən demədimmi, sizdə vəfa yoxdur və hiylə ilə rəftar edirsiniz?”
Nəhayət, imam Həsən (ə) belə qərara gəldi ki, özü əsgər yığıb müharibəyə getsin. Əshabının köməyi ilə qırx min nəfər toplanmışdı. İmam (ə) Mədainin Sabat şəhərinə çatdıqda, on iki min əsgəri qabaqcıl olaraq, fədakarlıq və əhval-ruhiyyələrini sınamaq üçün, Übeydullah ibn Abbasın sərkərdəliyi və Qeys ibn Səd ibn Übadənin müavinliyi altında, Müaviyə ilə vuruşmağa göndərdi.
Müaviyə bir milyon dirhəm verib Qeysi aldatmaq üçün İmamın ordusuna məmur göndərdi. Qeys isə qəbul etməyib dedi:
–Müaviyə bunu bilsin ki, dinimi məndən pulla satın ala bilməz. Mən heç bir hiyləyə aldanıb İmamdan əl çəkmərəm.
Məmurlar Qeysdən ümidlərini kəsdikdə sərkərdə Übeydullah ibn Abbasın yanına gəlib onu aldatmağa müvəffəq oldular. Übeydullah ibn Abbas gecə ikən dostları ilə birgə Müaviyənin tərəfinə keçdi. İmamın ordusu başsız qaldığı üçün Qeys onun yerinə keçib camaat namazını qılandan sonra qoşuna sərkərdəliyi öz öhdəsinə götürdü.
Qeysin fədakarlıqla döyüşməsi Müaviyəni dəhşətə salmışdı. Nəhayət, Müaviyə ordunun arasına casuslar göndərərək, Müaviyə ilə İmamın barışdığını və burada onların yersiz döyüşdüyü şayiəsini yaydı. Bununla da Müaviyə xariciləri İmamdan (ə) ayırıb aldatmağa müvəffəq olaraq onları İmamla düşmən etmişdi.

XARİCİLƏRİN QİYAMI
Bu axmaq qrup Müaviyənin casuslarının sözlərinə inanıb İmamın əmrini rədd edərək, guya İmamın da atası kimi kafir olduğunu və Müaviyə ilə əməkdaşlıq etdiyini elan etdi. Onlar İmamın çadrına hücum edərək əllərinə keçəni qarət etdi, hətta İmamın səccadəsini belə ayağının altından çəkib apardılar.
Nəticədə imam Həsən (ə) oranı tərk etmək məcburiyyətində qaldı. Əshabından bir qrup onun ətrafında ikən atına mindi. Elə bu vaxt xaricilərdən birisi gizləndiyi yerdən çıxıb İmamı yaraladı. İmamı (ə) dostlarından birisinin evinə aparıb müalicə etdilər. İş o yerə çatmışdı ki, İmamın sərkərdələrinin çoxu gizlincə Müaviyəyə məktub göndərib ona: “Biz sənin əmrinə itaət edirik. Tezliklə İraqa gəl! Bu İmamı tutub sənə təhvil verəcəyik.” – deyə vədələr verirdilər. Müaviyə həmin məktubları öz məktubu ilə bir yerdə İmama göndərib məktubunda belə yazdı: “Bunlar sənin atana vəfa etmədilər, səninlə də birlikdə olmayacaqlar. İndi səninlə müqavilə bağlayıb müharibədən əl çəkməyə hazıram.”

İMAM HƏSƏN (Ə) SÜLHÜ NİYƏ QƏBUL ETDİ?
Xaricilərin əməlləri və dostların xəyanəti imam Həsəni (ə) Müaviyə ilə sülh etmək məcburiyyətində qoymuşdu. Amma İmamın (ə) onunla sülh etməsi bu demək deyildi ki, Müaviyəyə tabe olub onun zülmkarlığını qəbul etmişdi. Bu yalnız Müaviyə ilə “atəşkəs müqaviləsi” mənasında idi. Çünki əgər Müaviyə müharibədə qələbə çalsaydı, İslamın bütün hədəfləri məhv olub aradan gedəcəkdi.
Bundan əlavə Rum imperatoru İslam ölkəsinə qoşun yeritmək fikrindəydi və bu ixtilaf onun üçün böyük bir fürsət idi.
Dərd və həsrətdə qovrulan imam Həsən (ə) qəm-kədərlə dolu qəlblə vəfasız əshabına qarşı belə buyurdu: “Bilirəm ki, siz mənə qarşı hiylə qurmusunuz. Həyasız və dinsiz bir qrup məni tamamilə Müaviyəyə təslim etdi. Vay olsun sizin halınıza! Allaha and olsun, Müaviyə verdiyi sözlərə vəfa etməyəcəkdir! Mən sizin üçün haqq dinini bərpa etmək istəyirdim, amma siz mənə yardım etmədiniz. Mənə qarşı çıxıb xəyanət etdiniz. Sizin bu əməlləriniz məni müqaviləni imzalamağa məcbur etdi. Allaha and olsun, əgər köməyim olsaydı, bu işi Müaviyəyə həlavə etməzdim! Çünki mən xəlifəliyi Bəni-Üməyyə üçün haram bilirəm. Bu yaxınlarda Müaviyənin rəftarlarının acı nəticəsini dadacaqsınız.”
İmam saziş etmək məcburiyyətində qaldığına görə Müaviyəyə belə məktub yazdı: “Mən haqqı yaşadıb batili məhv etmək istəyirdim. Allahın kitabı və Peyğəmbərin sünnəsini xalqa hakim etmək istəyirdim. Amma xalq mənimlə eyni fikirdə olmadı və məcbur qaldığım üçün səninlə sülh edirəm. Bu sülh üçün bir sıra şərtlər qoysam da sənin onların heç birinə əməl etməyəcəyini çox gözəl bilirəm. Amma çox keçməyəcək bunun sənin üçün heç bir faydası olmayacaq və öz işindən peşman olacaqsan.”
Sonra əmisi oğlu Əmr ibn Harisi Müaviyə ilə müzakirə edib İmamın şərtlərini bəyan etdikdən sonra sülh müqaviləsini imzalamağa göndərdi. Həmin müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi:
1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq.
2. Həzrət Əli (ə) və şiələri söyülməyəcək.
3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək.
4. İmamın əshabı və dostları, harada olurlarsa olsun, Müaviyə və adamlarının şərrindən amanda qalacaq.
5. İmam Həsən Müaviyəni “Əmirəl-möminin” olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək.
6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.

MÜAVİYƏNİN MÜQAVİLƏNİ POZMASI
Müqavilənin imzalanmasından sonra Kufə Müaviyənin diqqət mərkəzinə çevrildi. O, bir cümə günü Nüxeylədə cümə namazı əsnasında belə dedi: “Ey camaat! Mən sizin namaz qılmağınız ya da oruc tutmağınız üçün müharibə etmədim. Sizlər istəməsəniz belə, sizin hökmdarınız olmaq üçün müharibə etdim. Mən, Həsən ibn Əli ilə imzaladığım müqavilənin maddələrini ayağım altına qoyub əzirəm.”
Lakin Müaviyənin bir sıra rəftarı onun İmamın nüfuzundan çox qorxduğunu aydın göstərirdi. Buna görə də müqavilənin bəzi maddələrini həyata keçirmək məcburiyyətində qaldı. Misal üçün Kufənin valisi Ziyad İmamın əshabından birini tutdurmaq istəyəndə, İmam (ə) əhvalatı Müaviyəyə yazdı. Müaviyə də dərhal Ziyadı bu işi üçün məzəmmət edib danladı.
Nəhayət Müaviyə özündən sonra oğlu Yezidi xəlifə elan etmək qərarına gəldi. Amma imam Həsən (ə) ilə imzaladığı müqavilə ona mane olurdu. Buna görə də xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədilə İmamı zəhərləmək istəyirdi. Bu məqsədlə də İmamın arvadı Cödəni aldadaraq ona bir qabda zəhər göndərib vəd etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib oğlu Yezidə arvad edəcək.

XAİN ƏL İMAM HƏSƏN(ə)IN QABINA ZƏHƏR TÖKDÜ
Şeytani vəsvəsələr, pul və şöhrət, İmamın arvadının gözünü tutub qəlbini kor etdi. Bu səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib Müaviyənin murdar təklifini qəbul etsin. İmam Həsən (ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi. Ona “indi ki, belədir onu boşa və evindən qov!“ – demişdilər. Amma o həzrət (ə) belə buyurmuşdu: “O, hələlik bir günah etməyib, buna görə də əgər onu qovsam, yaxşı iş görməmiş olaram. Çünki o, bu işi bəhanə edərək “məni günahsız olduğum halda evdən qovdu.” – deyəcək və bununla da xəyanətini gizlədib öz gördüyü işin doğru olduğunu iddia edəcək. Bunu bilin ki, Müaviyə xaincəsinə əmələrindən əl çəkməyəcək və mən arvadımı boşasam da məndən əl götürməyib özünü məzlum göstərərək planını həyata keçirməyə cəhd göstərəcək. “
Nəhayət, Cödə hicri 50-ci ilin səfər ayının 28-də, havanın çox isti və İmamın oruc olduğu bir gündə, onun süd içdiyi qaba zəhər töküb, iftar üçün hüzuruna gətirdi.
İmam (ə) zəhərli süddən bir az içdikdə arvadına tərəf dönüb buyurdu: “Ey Allahın və Peyğəmbərin düşməni, məni öldürdün, Allah səni öldürsün! Allaha and olsun ki, sən və Müaviyə zəlil olacaqsınız!“ O həzrətin dediyi kimi də oldu. Çox keçmədən Cödə Müaviyənin sarayından qovulub öldü. Müaviyə də ağır bir xəstəliyə tutulub öldü.
İmam Həsən (ə) vəfat etdikdən sonra Mədinədəki Bəqi qəbrastanlığında torpağa tapşırıldı. Allahın və Peyğəmbərin salam və rəhməti onun pak və təmiz ruhuna olsun!

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!