RƏSULULLAH (s) VƏFAT ETDIYI ZAMAN BAŞ VERƏNLƏR - 1

:

“Ey iman gətirənlər! Ölüm sizdən birini haqladıqda vəsiyyət etdiyiniz vaxt aranızdan iki nəfər ədalətli şəxsi şahid tutun. Əgər səfərdə olduğunuz vaxt ölüm sizi haqlasa sizdən olmayan (sizinlə səfərdə olub amma tanımadığınız müsəlman) iki nəfəri şahid tutun.
Əgər o iki şahiddə şübhəniz olsa namazdan sonra onları saxlayın və bu vəsiyyətə xəyanət etməyəcəklərinə and içsinlər ki, biz bu andımızı heç bir qiymətə satmarıq. Hətta qohumlarımıza görə belə Allahın şahidliyini gizlətmərik. Əks halda şübhəsiz ki, günahkarlardan olarıq.” (“Maidə”, ayə 106)
Həzrət Rəsul (s) bütün İlahi vacibatları hətta insanın kamala yetməsinə səbəb ola biləcək kiçik müstəhəb əməlləri də çatdırmışdı. Buna görə də məhz Rəsulullah (s) özü birinci və nümunə olaraq gətirdiyi şəriətin hökmlərinə əməl etməli idi. İslam dininin vacib etdiyi əməllərdən biri vəsiyyət etməkdir. Rəsulullah (s) vəfat edən zaman buyurdu: “Mənim üçün qələm və kağız gətirin, sizin üçün vəsiyyətimi yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız!”
Ömər ibn Xəttab dedi: “Rəsulullah xəstəliyin təsirindən nə danışdığını bilmir. Allahın kitabı bizim əlimizdədir və bizə bəs edər!” (“Səhihi Buxari”, (kitabul-mərza, hədis 5669, səh.485, kitabul-məğazi, hədis.4431-2 səh.363), “Səhihi Muslim”, (kitabul-vəsiyyət, babu tərkil-vəsiyyət, hədis.4232-4, səh. 964))
Sual: Görəsən nəyə görə Ömər Peyğəmbərin (s) vəsiyyətinə mane oldu?
Hətta bəzi hədislərdə belə nəql olunub: Ömər ibn Xəttab dedi: “Rəsulullah nə danışdığını bilmir, o sayıqlayır.” Baş vermiş bu hadisə o qədər narahat edici və dərdli idi ki, İbni Abbas hər dəfə bu faciəni yad edəndə gözünün yaşı mirvari dənələri kimi yanaqlarından aşağı axardı. İbn Abbas deyir: “Cümə günü! Ah o cümə günü! – sonra gözlərindən yaş sel kimi axmağa başladı, sanki mirvari dənələri yanaqlarında düzülmüşdü. Sonra sözünə davam etdi: Rəsulullah (s) buyurdu: “Mənim üçün bir lövhə və qələm gətirin sizə vəsiyyətimi yazım ki, heç vaxt yolunuzu azmayasınız!” Orada olanlardan biri dedi: “Rəsulullah (s) sayıqlayır.” (“Səhihi Muslim”, (kitabul-vəsiyyət, babu tərkil-vəsiyyət, hədis.4233,) “Səhihi Buxari”, (kitabul itisam bil kitab vəl sünnə, hədis.7366))
“Nə onların və nə də əcdadlarının iddia etdiklərinə heç bir yəqinləri yoxdur. Onlar çox böyük iddia edirlər (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Danışdıqları ancaq yalandır! (“Kəhf”, ayə 5)
“Səhihi Buxari”, “Səhihi Muslim” və əhli sünnənin səhih adlandırdıqları sair kitablarında nəql olunmuş eyni məzmunlu hədislə bağlı bir neçə sual meydana çıxır ki, onlara izahat tələb etməyimizə əsas vardır:
a) Ömər ibn Xəttabın “Rəsulullah xəstəliyin təsirindən nə danışdığını bilmir.” – deməsi Qurani-kərimə zidd deyilmi?
Allah-taala Qurani-kərimdə buyurur: “O (Peyğəmbər), özündən heç nə danışmır. Danışdıqları ancaq ona nazil olan vəhydir.” (“Nəcm”, ayə 3 və 4)
b) Ömər dedi: “Allahın kitabı bizə bəs edər”. Məgər Ömərin bu əməli Rəsulullahın sünnəsinə qarşı etiraz deyilmi? Məgər Rəsulullah (s) bilmirdi ki, Quran ümmətə kifayətdir ya yox? Burada Ömərin etirazını yalnız yeni cəbhə yaratmaq kimi qiymətləndirmək olar.
Məlumdur ki, ümməti azğınlıqdan hifz etmək üçün Rəsulullahın yazacağı vəsiyyəti adi və şəxsi iradəyə tabe olan bir mətləb olmayıb. Əksinə çox mühüm və eyni zamanda sünnənin ən bariz bir nümünəsi olacaq idi.
c) Ömər və onun tərəfdarlarının Rəsulullah (s) ilə müxalifəti Qurana və Allahın əmrinə qarşı etiraz deyilmi?
“Allahın Məkkə ətrafında yaşayan əhalidən dinc yolla Peyğəmbərinə qaytardığı qənimət Allaha, Peyğəmbərə və onun əqrəbalarından olan yetimlərə, miskinlərə və pulu qurtarıb yolda qalan müsafirlərə məxsusdur ki, bununla həmin mallar zənginlər arasında əldən-ələ dolaşan bir sərvətə çevrilməsin. Peyğəmbərin sizin üçün gətirdiyi hər bir hökmü qəbul edin və hər nəyi qadağan etsə ondan uzaq olun. Allahdan qorxun! Həqiqətən, Allahın əzabı çox şiddətlidir.” (“Həşr”, ayə 7)
d) “Ey iman gətirənlər səsinizi Rəsulullahın səsindən yuxarı qaldırmayın. Biri-digərinizlə danışanda səsinizi qaldırdığınız kimi Rəsulullah ilə bu cür danışmayın ki, əməl
ləriniz puç olacaq.” (“Hucurat”, ayə 2)
Buxarinin nəql etdiyi rəvayətə əsasən səhabələr Rəsulullahın yatağının kənarında ixtilaf yaradıb hay-küy saldılar. Səhabələrin bu əməli Qurani-kərimlə müxalifət deyildimi? Qurani-kərim səhabələrə Rəsulullahın yanında kiminsə səsini qaldırması üzündən əməlinin puç olması haqda xəbər verib. Belə məlum olur ki, bu ixtilafı salanlar öz mənafelərinə görə hətta Qurani-kərimin əmrlərini qulaq ardına vurmaqdan çəkinməyiblər. Çünki ixtilafı salanlar əgər Allahın və Quranın əmrinə əhəmiyyət versəydilər, heç vaxt Rəsulullahın yanında bu cürəti etməzdilər. Göründüyü kimi Allah-taala Qurani-kərimdə hamıya ixtilaflı məsələlərdə Rəsulullaha müraciət edib onun əmrinə tabe olmağa əmr edir. Peyğəmbərin əmrinə tabe olmayanları iman əhli hesab etmir: “Sənin Rəbbinə and olsun ki, belə deyil! Onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə qəlblərində narahatlıq hiss etmədən sənə tam bir itaətlə boyun əyməyincə, həqiqi iman gətirmiş olmazlar.” (“Nisa”, ayə 65)
Ayədən məlum olur ki, Peyğəmbərin (s) yanında ixtilaf salıb və ona heç bir etina etməyənlər əslində iman əhli deyillər. Onların Rəsulullaha müraciət etməmələri və ixtilafı şiddətləndirmələri buna sübutdur.
e) Rəsulullah (s) ümmətinin yolunu azmaması üçün vəsiyyətini yazmaq istəyirdi. Vəsiyyətin yazılmasına mane olub qarşısını alanlar ümmətin azmasını təmin etmədilərmi?
f) Rəsulullahın vəsiyyətinin yazılmasını istəyən ikinci dəstə Ömər və onun tərəfdarlarının qarşısında müqavimət göstərib vəsiyyətin yazılmasına çalışırdılar: “...Onlardan bəziləri deyirdilər: “Kağız və qələm gətirin, Peyğəmbər (s) vəsiyyətini yazsın ki, ondan sonra yolunuzu azmayasınız. Amma digər bir dəstə Ömər deyəni deyirdi.” (“Səhihi Buxari”, (kitabul-mərza, hədis.5669, səh.485, kitabul-məğazi, hədis.4431-2 səh.363,) “Səhihi Muslim” (kitabul-vəsiyyət, babu tərkil-vəsiyyət, hədis.4232-4, səh. 964))
Hətta Rəsulullahın zövcələri Ömərin həmfikirlərinə etiraz edəndə Ömərin onlara qarşı təhqirləri ilə üzləşdilər. “Qadınlar pərdə arxasından səsləndilər: Məgər siz Rəsulullahın nə dediyini eşitmirsiniz?”
Ömər deyir: “Mən onlara dedim: Siz Yusif peyğəmbərə aşiq olanlar kimisiniz. Rəsulullah xəstə olanda gözünüzün yaşını tökürsünüz, amma o, sağlam olanda onun boynuna minirsiniz”.
Peyğəmbər buyurdu: “Onlardan (qadınlardan) əl çəkin, onlar sizdən əfzəldirlər!” (“əl-Mocəmul-ovsət”, (Məhəmməd ibn Əhməd ibn Əbu Xüseymənin Ömər ibn Xəttabdan nəql etdiyi hədis.5334, c.6, s.162,) “Kənzul-ummal”, (Babul-əvvəl, xilafətul- xüləfa, məsnəd Ömər, hədis.14133, c.5, s.644))
Sual: Necə oldu ki, Ömər ibn Xəttabın dəstəsi qarşı tərəfə qalib gəldi? Bu iki dəstədən hansı birinin işi Quran və sünnəyə müxalif idi? İbn Abbasın bu hadisəni İslam tarixində ən böyük faciə adlandırması “Həqiqətən müsibət və bütün müsibət Ömərin Peyğəmbərlə onun vəsiyyətnaməsi arasına girib yazmağa mane olmasından sonra başlandı.” (“Səhihi Buxari”, (kitab əl-itisam bil-kitab vəl-sünnə, babu kərahiyyətil-ixtilaf, hədis. 7366, səh.613)) Bunlar normal insanı düşünməyə vadar etmirmi?
g) Allah-taala Qurani-kərimdə İslam Peyğəmbərinin ən gözəl əxlaq sahibi olduğunu vurğulayaraq buyurur: “Sən ən böyük əxlaq sahibisən !” (“Qələm”, ayə 4)
Görün mələk simasında qələmə verilən bəzi səhabələr Rəsulullahın (s) mübarək qəlbini necə qana döndəriblər ki, Həzrət onları qəzəblə yanından qovub: “...Rəsulullahın yanında səs-küy qalxıb ixtilaf şiddətlənəndə buyurdu: “Durun rədd olun mənim yanımdan!...”
“Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!” (“Əhzab”, ayə 57)
Avam insanları inandırmaq üçün Əbu Bəkrin Rəsulullah tərəfindən xəlifə təyin olunmasını sübuta yetirmək üçün əhli sünnə alimləri bəzən qondarma hədislərə istinad edirlər: “Rəsulullah vəfat edəndə Aişəyə buyurdu: “Əbu Bəkrin ardınca xəbər göndərin ki, camaatla namaz qılsın!” (“Səhihi Buxari”, (babu həddil-məriz ən yəşhədəl cəmaət, hədis.664, səh.53))
Sual: Necə olur ki, Rəsulullah (s) vəsiyyətini yazmaq üçün qələm-kağız istəyəndə Ömər deyir: "Ona əhəmiyy
ət verməyin. O, xəstəliyinin təsirindən danışığını bilmir." Bununla da Rəsulullahın vəsiyyətinin yazılmasına mane olur, amma camaatla namaz qılmaq üçün Əbu Bəkrin dalınca xəbər göndərməsini onu xəlifə təyin etdiyi kimi qələmə verirlər?
s) Rəsulullah (s) vəsiyyətini yazdırmaq istəyəndə Ömər dedi ki: "Ona əhəmiyyət verməyin! O, xəstəliyin təsirindən nə etdiyini bilmir". Amma Əbu Bəkr vəfat edəndə dəfələrlə huşunu itirirdi. Hər dəfə özünə gələndə vəsiyyətin ardını yazdılar və heç kim də buna etiraz etmədi: “Əbu Bəkr Siddiq vəfat edəndə Osman ibn Əffanı yanına çağırdı və ona vəsiyyətini yazmağı tapşırdı. Osman yazmağa başladı, bu arada Əbu Bəkr kiminsə adını çəkməmiş özündən getdi. Osman Ömərin adını yazdı. Əbu Bəkr özünə gələndən sonra Osmandan soruşdu: Bir nəfərin adını yazdınmı? Osman dedi: Sən özündən gedəndə qorxdum ki, səni əldən verdik, ona görə də, Ömər ibn Xəttabın adını yazdım. Əbu Bəkr dedi: Allah sənə rəhmət etsin! Əgər öz adını da yazmış olsaydın buna layiq idin.” (“Kənzul ummal, (babul-əvvəl, xilafətul xüləfa, Xilafəti Ömər ibn Xəttab, hədis.14179, c.5, s.678, azacıq fərq ilə hədis 14182, c.5, s.680), “Tarixu mədinətil-Dəməşq 5206”, (tərcümeyi-hal, Ömər ibn Xəttab, c.44, s.252), “Tarixi Təbəri”, (13-cü ilin əhvalatları, c.2, s.6180, “Sirətu Ömər”, (müəllif: İbn Cuzi, s.37), “Tarixi ibn Xəldun”, (Xilafətu Ömər, c.2, s.85 və 86))
Rəsulullahın vəsiyyətinin qarşısını alıb onun sayıqladığını iddia edən Ömər, xilafətinin haqq olduğunu sübuta yetirmək üçün Əbu Bəkrin ölüm ayağında olarkən yazdırdığı vəsiyyətinə istinad edirdi. İsmayıl ibn Qeys nəql edir: “Ömər ibn Xəttabı əlində bir parça kağız oturmuş halda gördüm və camaat onu dövrəyə almışdı. Ömər deyirdi: “Ey camaat! Bu Rəsulullahın xəlifəsinin sözüdür. Ona qulaq asın və itaət edin! Xəlifə deyir ki, mən bunu sizə yalnız nəsihət edirəm.” Əbu Bəkrin Şədid adlı qulu da onun yanında idi, onun əlində Ömərin xəlifəliyi haqqında fərman var idi...” (“Tarixi Təbəri”, 13-cü ilin hadisələri)

Tərcümə və tərtib edən: Elman İbadov

 

Ardı var ...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!