SİBT-ün-NƏBİYY (1)

:

İMAM HƏSƏN(ə)İN TƏVƏLLÜDÜ VƏ UŞAQLIĞI
Üçüncü hicri ili mübarək ramazan ayının 15-də həzrət Əlinin (ə) evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmrilə nəvəsinin adını Həsən qoydu.

İmam Həsən (ə) atası Əli (ə) və anası Fatimeyi Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı.
O, Peyğəmbərin (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin birində həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duydu və tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonar yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: “Onu ağlayan gördükdə, dözə bilmirəm.”
Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni (ə) qucağına alıb belə buyurardı: “Hər kim məni sevirsə, Həsəni də sevsin!”
Bir dəfə isə həzrət Peyğəmbər (s) Həsəni (ə) çiyninə götürüb belə buyurdu: “Allahım, bu uşağın sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən) təmizləyəcəksən!”
Başqa bir hədisində isə belə buyurub: “Həsən və Hüseyni sevən məni sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən ilə Hüseyn cənnət cavanlarının ağasıdır.”
Başqa bir hədisində isə: “Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki, Allahın cənnəti onlarla fəxr edir.” – deyə buyurmuşdur.

İMAM HƏSƏN(ə)İN ELM VƏ ƏXLAQI
Bir gün imam Həsən (ə) Peyğəmbər məscidində qoca bir kişinin düzgün dəstəmaz almadığını gördü. İmam (ə) ona dəstəmazının səhv olduğunu başa salıb anlatmalı idi; amma necə? Əgər ona desəydi ki, dəstəmazı səhvdir, onda qəlbi sınar yaxud da narahar olub qəbul etməyə bilərdi. O, qardaşı Hüseyn (ə) ilə birlikdə belə qərara gəldi ki, özləri dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik etməyə çağırsınlar. İmam Həsən (ə) imam Hüseynə (ə) dedi: “Mən səndən daha yaxşı dəstəmaz alıram.”
İmam Hüseyn (ə) isə onun cavabında: “Yox, mən səndən daha yaxşı dəstəmaz alıram.” – dedi.
İkisi də qoca kişinin yanında gəlib dedi: “Bizim dəstəmaz almağımıza baxıb, hansımızın daha düzgün dəstəmaz aldığını söylə!” Sonra dəstəmaz almağa başladılar. Özü də dəstəmazlarını düzgün və tam şəkildə yerinə yetirdilər.
Qoca kişi başa düşdü ki, onlar onun doğru dəstəmaz almadığını demək istəyir. Buna görə də onlara belə dedi: “İkinizin də dəstəmazı düzdür. Dəstəmaz almağı düzgün bilməyən cahil isə mən idim. Siz məni başa salmaq istəyirdiniz. Mən də sizə minnətdaram.”

Hz. HƏSƏN(ə)NİN TƏQVA VƏ İXLASI
İmam Həsən Müctəba (ə) ibadət və zahidlik baxımından digər camaatdan daha üstün idi. Həcc mərasimini yerə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz qılanda ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb bədəni titrəyər və buyurardı: “Allahın əmanətini əda etməyin vaxtıdır!”
Məscidə girib mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı: “Allahım, hüzurunda duran şəxs sənin qonağındır. Sənin günahkar bəndən sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki Sən rəhman və rəhimsən!“

HƏZRƏT İMAM HƏSƏN(ə)İN SƏBRİ
İmam Həsən(ə) bir gün atla küçədən keçirdi. Müaviyənin dostlarından olan bir nəfərlə rastlaşdı. Həmin adam onun imam Həsən (ə) olduğunu biləndə nalayiq sözlər söyləyərək İmamı təhqir etməyə başladı. Həzrət (ə) isə onun söylədiklərini dinləyəndən sonar buyurdu:
–Güman edirəm ki, sən qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olaraq onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurmuşdur. Əgər bir ehtiyacın vardırsa, həll edək, acsansa doyuraq, paltarın yoxdursa paltar verək yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə aparıb qonaq saxlayım.
Həmin adam, İmamın bu rəftarından utanıb söylədiyi sözlərindən peşman oldu. Ağlaya-ağlaya İmamdan üzr istəyib dedi: “Düşmənlərinizin sözləri məni aldatmışdı. Bundan qabaq ən çox ədavət bəslədiyim adamlar sən və atan idiniz. İndi isə sənin bu gözəl əxlaqını görəndən sonra ən çox sevdiyim adamlara çevrildiniz. Artıq anladım ki, sizin ailəniz Peyğəmbərin xəlifəliyinə layiq olan bir ailədir. Ömrüm boyu sizləri sevəcək və sizin haqqınızı müdafiə edəcəyəm.”
Həmin kişi ölənə qədər verdiyi sözün üstündə durdu.

İMAMIN SƏXAVƏTİ
1. Bir nəfər imam Həsənin (ə) hüzuruna gəlib dedi: “Yoxsulluq və bədbəxtlik məni narahat edir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın!”
Həzrət Həsən (ə) xidmətçisini çağırıb ondan “yanında nə qədər pul var?” – deyə soruşdu. Xidmətçi: “Əlli min dirhəm.” İmam Həsən (ə) buyurdu: “O pulun hamısını bu kişiyə ver ki, məişəti qaydaya düşsün və əlində sərmayə etsin, qoy yoxsulluqdan qurtarsın!”
2. Bir gün imam Həsən (ə) Allahın evində ibadətə məşğul ikən bir kişinin Allaha dua edib belə söylədiyini eşitdi: “Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey mehriban və bağışlayan Allah, bu neməti mənə nəsib eylə!” Bunu eşidən imam Həsən (ə) evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi.
3. Günlərin birində yoxsul bir kişi imam Həsənin (ə) hüzuruna gəlib aşağıdakı şeiri oxudu:
–Heç bir şeyim, hətta bir dirhəmim belə qalmadı. Satmaq üçün artıq heysiyyətimdən başqa bir şeyim yoxdur. Sənin onu alacağını bilirəm.
İmam Həsən (ə) dərhal xidmətçisini çağırıb belə buyurdu: “Yanında nə qədər pul varsa, ver bu adama.”
Xidmətçi o adama on min dirhəm pul verdi. Həzrət (ə) isə ona belə deyib üzr istədi: “Sənə verə biləcək yalnız bu qədər pulum var idi. Onu al və özünə sərmayə et və elə bu pulla da öz etiyaclarını təmin elə. Beləliklə yoxsulluqdan qurtaracağına ümid edirəm.”
Yuxarıda qeyd etdiyimiz bu bir neçə hekayə göstərir ki, imam Həsən (ə) xalqın axirətini düşündüyü kimi, dünyasını da nəzərdə tuturdu. Çünki dünya ilə axirət bir-birilə əlaqəlidir. Bəzən yoxsulluq və aclıq bəzi adamların axirət haqqında düşüncələrinin qarşısını alır.
Onun köməkləri nəinki, xalqı dilənçiləkdən azad edirdi, üstəlik onlar üçün iş və çalışmaq üşün zəmin də yaradırdı.

İMAM HƏSƏNİN (Ə) XƏLİFƏLİYİ
Hicri 40-ci ilin ramazan ayının 21-ci gecəsi atası Əli ibn Əbu Talib (ə) vəfat edərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan imam Həsən (ə) xalqla birlikdə məscidə gələrək minbərə çıxdı və atasının şəhadəti haqqında belə buyurdu: “Dünən gecə sizin aranızdan elə bir insan getdi ki, həm keçmiş həm də gələcəkdəkilər arasında elm, təqva və davranışında yeganə və nümunəvi bir şəxsiyyət idi. Peyğəmbər (s) ilə birgə müharibələrdə iştirak edib, islamın qorunması uğurunda əlindən gələni əsirgəməmişdi. Düşmənlərin gözündə tikan, dostların könlündə isə solmaz bir gül idi. Əlinin (ə), ailəsinə xidmətçi tutmaq üçün yığdığı 700 dirhəmdən başqa dünya malından heç bir şeyi yox idi.”
Bu sözləri deyib qurtarandan sonra hönkür-hönkür ağlamağa başladı və camaat da ona qoşuldu. Daha sonra xalqa imamət və rəhbərlik məqamının özünə aid olduğunu anlamaları və zəlalətə, azğınlığa düşməmələri üçün özü haqqında belə buyurdu:
–Mən Peyğəmbərin, Əlinin və Fatimənin oğluyam. Mən nübüvvətin parlaq nurlarından bir nümunəyəm. Elə bir ailəyə mənsubam ki, Allah onlardan bütün pislikləri uzaqlaşdırmışdır.
Daha sonra Abdullah ibn Abbas ayağa qalxıb dedi: “Ey camaat! Bu, Peyğəmbərimizin və imamımınızın oğludur. Bilin ki, o, Əlinin haqq xəlifəsidir. Ona beyət edin!” Camaat dəstə-dəstə imam Həsənə (ə) beyət etdi. Bu zaman imam Həsən (ə) onlarla belə bir şərt bağladı: “Hər kimlə müharibə etsəm, müharibə edəcək, yox əgər məsləhət görüb sülh etsəm, onda siz də qəbul edəcəksiniz.” Hamısı bu şərti qəbul edib razılıqla öz imamlarına boyun əydilər.

MÜAVİYƏNİN HİYLƏLƏRİ
Müaviyə Şamda özü üçün bir hökumət yaratmış və illərlə Əlinin (ə) əleyhinə hiylələr qurub planlar tökürdü. Əlinin (ə) tərəfdarlarını öldürərək azğın bir qrup olan xariciləri meydana gətirmişdi. İndi isə xalq imam Əlinin (ə) şəhadətindən sonra imam Həsənə beyət etmiş və onu Peyğəmbərin xəlifəsi seçmişdi. Bu xəbəri eşidib həzm edə bilməyən Müaviyə vəziyyəti öyrənmək üçün Kufə və Bəsrəyə çoxlu casus göndərdi. Daha sonra da imam Həsəni xilafətdən çevirmək üçün müxtəlif planlar hazırlamaq, lazım gəlsə üsyan və hərc-mərclik yaratmaq istəyirdi.
İmam Həsən (ə) casusları tutub edam etmələrini əmr etdi. Sonra da Müaviyəyə aşağıdakı məzmunda bir məktub yazdı: “Ey Müaviyə! Casus göndərib ixtişaş salmaq istəyirsənmi? Güman edirəm ki, müharibə xəyalına düşmüsən və müharibəni sevirsən. Mən hazıram. Gözlə, müharibə yaxındadır, inşallah!…
–Ey Müaviyə! Təəccüblənirəm ki, layiq olmadığın bir məqamı zorla ələ keçirmək niyyətindəsən. Nə dində bir fəzilətin var, nə də xoş bir əsərin… Müsəlmanlar mənə beyət etdi. Əgər sən də onlar kimi etsən, bu İslamın məsləhətinə uyğun olacaq.
Batilin dalınca düşmə, sən də başqaları kimi mənə beyət et. Müsəlmanların qanına ehtiram qoy! Əgər mənim nəsihətlərimi qəbul etməyib üsyana qalxsan və müsəlman qanı töksən, müsəlmanlarla əlbir olub səni məhkəməyə çəkəcəyik.”
Müaviyə isə İmamın məktubuna belə cavab verdi: “Əbu Bəkr təcrübəsinin çoxluğuna görə xəlifəliyi Əlindən aldığı kimi mənim də təcrübəm səndən çoxdur və bu məqama səndən daha layiqəm. Əslində sən mənə beyət etməlisən. Beləliklə xəlifəlik məndən sonra sənin olacaq və mən ömrüm boyu İraqın bütün gəlirini sənə verəcəyəm.”
Müaviyə nəinki beyət etmədi, üstəlik İmamı öldürtmək üçün Kufəyə casuslar da göndərdi. Bu da səbəb oldu ki, imam Həsən (ə) namaz qılanda paltarının altından zireh geymək məcburiyyətində qalsın. Bir dəfə Müaviyənin göndərdiyi adamlardan birinin atdığı öx zirehə dəydi və bununla imam Həsən (ə) böyük bir təhlükədən qurtardı.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi
Ardı var ...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.
 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!